Tamer Öztürk: Ortaq mirasımız həm də bizim kökümüzdür, kökümüzə sahib çıxmasaq, özümüzü bu qlobal dünyada itirə bilərik

BAYRAQDAR MEDİA – “Türk dünyasının ortaq mirasının gələcəyə daşınması üçün hər bir kəs fəallıq göstərməlidir. Çünki ortaq mirasımız həm də bizim kökümüzdür, kökümüzə sahib çıxmasaq, özümüzü bu qlobal dünyada itirə bilərik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin tanınmış iş adamlarından olan, İzmir Azərbaycan Dərnəyinin Türkiye-Azerbaycan İş Geliştirme Komitesi başqanı Tamer Öztürk deyib.

Bu, sadə bir təsadüf deyil, bir xalqın, bir millətin düşüncə tərzi, dəyəridir

Ortaq mirasla bağlı sualı cavablandıran Tamer Öztürk bir müddət öncə Azərbaycanda olarkən yaşadığı iki məqamı xatırladıb: “İyul ayında Azərbaycana etdiyimiz səfər zamanı səhər tezdən hava limanından bir taksi çağırdıq. Sonda ünvana çatdıqda sürücüdən borcumuzun nə qədər olduğunu soruşduq. O isə belə cavab verdi: “Siz bizim qardaşımızsınız, sizdən pul almaram”. Bu olduqca gözəl bir duyğu idi. Bu, qardaşlığın daha bir təcəüssüm idi. Lakin bu, qardaş ölkədə rastlaşdığımız yeganə hal olmadı. Tədbirdən sonra getdiyimiz istirahət mərkəzində bir yeniyetmə at gəzdirirdi. Soruşduq ki, ata minmək neçəyədir? “Başqalarına 10 manat, amma türklərə pulsuz. Çünki türk qardaşlarımızdan pul almırıq” cavabını eşitdik. Düşünün, bir tərəfdə – Bakıda 60-65 yaşında bir taksi sürücüsü, digər tərəfdə- rayonlardan birində isə bir yeniyetmə. Yəni yaş fərqinə və məkan uzaqlığına baxmayaraq, hər ikisi eyni davranışı sərgiləyir. Bu, sadə bir təsadüf deyil, bir xalqın, bir millətin düşüncə tərzi, dəyəridir. Məncə, bir ölkənin ən böyük sərvəti də məhz budur – türkün törəsinə, türkün qardaşlığına, türkün dostluğuna sədaqətlə sahib çıxmaq. Bu iki şirin hadisə Azərbaycanda yaşlısından cavanına qədər bu ənənənin yaşadıldığı və qorunduğu, bu mirasın nəsildən-nəslə ötürüldüyünün canlı sübutudur”.

Bu qardaşlıq və dostluq münasibəti türk dünyasının ortaq mirasıdır

T.Öztürk deyib ki, bu qardaşlıq və dostluq münasibəti türk dünyasının ortaq mirasıdır: “Azərbaycan bu mirasa sahib çıxıb, qoruyub və gələcəyə daşıyır. Həm yaşlı, həm gənc nəslin bu dəyərlərə sahib çıxması onu göstərir ki, bu miras uğurla ötürülüb və gələcək nəsillər tərəfindən də yaşadılır. Hesab edirəm ki, bu mirasın, bu ənənənin türk dünyasının bütün coğrafiyalarında eyni formada qorunub saxlanması və təbliğ olunması üçün konkret addımlar atmalıyıq. Bu addımları ilk növbədə qeyri-hökumət təşkilatları atmalıdır. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiridiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsini bu baxımdan yüksək dəyərləndirirəm. Eyni zamanda düşünürəm ki, bizlər – Türkiyədə və digər türk dövlətlərində yaşayan insanlar, iş adamları olaraq bu təşəbbüslərə dəstək verməliyik”.

Müsahibimiz qeyd edib ki, həyata keçirilən bu tipli bütün layihələrə yalnız praktik deyil, həm də mənəvi və sosial proses kimi yanaşmalıyıq: “Türk iş adamları bu məsələdə təşəbbüskar olmalı, bu mirasın yaşadılması üçün “əlini daşın altına” qoymalıdır”.

Türkiyə-Azərbaycan qardaşlığı da türk dünyasının ortaq mirası kimi öyrənilməlidir

T.Öztürkün sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı da türk dünyasının ortaq mirası kimi öyrənilməli, gələcək nəsillərə çatdırılmalı və məktəb proqramlarında – orta və ali təhsil müəssisələrində – müvafiq şəkildə tədris olunmalıdır: “Ulu Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsindən güc alan qardaşlığımız hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın sayəsində daha da güclənib, daha da inkişaf edib. Təbii ki, bununla bağlı çoxsaylı misallar çəkmək olar. Sadəcə o misalları çəkmədən bəyan edə bilərik ki, bütün türk dünyası bu fəlsəfə üzərində inkişaf etdirilməlidir. Necə ki, dünən biz “Bir millət, iki dövlət” deyirdik, bu gün “Bir millət, üç dövlət” deyirik. Sabah isə böyük məmnuniyyətlə “Bir millət, yeddi dövlət, bir millət, səkkiz dövlət” deyə bilmək üçün bu ortaq mirasımızı və qardaşlıq münasibətini bütün türk dünyasına yaymalıyıq”.

Bu, “türkün şahlanışı” dediyimiz, “Turan” dediyimiz, “Qızıl Alma” dediyimiz ideallara çatmaq tarixidir

İZAZDER rəsmisi deyib ki, əslində, bu gün biz bir tarix yaşayırıq: “Elə bir tarix ki, bu “türkün şahlanışı” dediyimiz, “Turan” dediyimiz, “Qızıl Alma2 dediyimiz ideallara çatmaq tarixidir”.

Onun sözlərinə görə, Şuşa bəyannaməsi təkcə Türkiyə-Azərbaycan qardaşlığını strateji səviyyədə gücləndirmədi: “Bu bəyannamə eyni zamanda gələcəkdə oxşar bəyannamələrin Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla, hətta Macarıstanla imzalanması üçün bir əsas oldu”.

Bu gün Azərbaycan və Türkiyə prezidentlərinin qətiyyəti, iradəsi öz sözünü deyir

T.Öztürk əlavə edib ki, türk dünyasını daha da güclü olması üçün ölkələr arasında da ikitərəfli, hətta üçtərəfli bu cür bəyannamələr, sazişlər imzalanmalı, türk dünyasının daha da güclənməsi üçün addımlar atılmalıdır: “Təbii ki yuxarıda da qeyd etdiyim kimi bunun üçün qətiyyət var, iradə var. Bu gün Azərbaycan və Türkiyə prezidentlərinin qətiyyəti, iradəsi öz sözünü deyir. Bu qətiyyət və iradədən irəli gələcək türk dünyasının daha da güclü olacağına kimsə şübhə etməsin. Bir sözlə yeni bir dünya qurulur və biz xoşbəxtdir ki, bu dünyanın qurulmasında şəxsən iştirak edirik. Biz bu dünyanın qurulmasının bir parçaları oluruq və eyni zamanda İZAZDER olaraq da bu prosesdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün hər bir fədakarlığa hazırıq”.

Kaynak: www.bayraqdar.info