BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəni həyata keçirib. Sentyabrın 17-də Bakıda, Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunun iclas zalında layihə üzrə yekun tədbir keçirilib.
Tədbirin yekununda mükafatlandırma mərasimi olub. Belə ki, CASCFEN-in layihə çərçivəsində Türkiyə universitetlərində təhsil alan türk dünyası tələbələri arasında keçirdiyi “Bizim ailəmiz türk dünyasıdır” adlı yazı müsabiqəsin (məqalə yarışması) qalibləri elan olunub. Həmin vaxt qaliblər Türkiyənin müxtəlif şəhərlərində olduğu üçün onların mükafatları Türkiyədən tədbirdə iştirak edən diaspor təmsilçilərinə təqdim edilib. O cümlədən qaliblərdən -Yusuf Çağlar Demirağ (Parisdə yaşayır və müsabiqə müddətində Erasmus proqramı ilə Anadolu Universitetində təhsil alıb), Sübhan Xıdırzadənin (İzmir, Dokuz Eylül Universitetinin magistr tələbəsi) plaketləri və Umut Meriç Berberoğlunun (Ege Universiteti Türk Dünyası Araştırmaları İnstitututunun magistr tələbəsi) xüsusi diplomu İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) rəhbəri Pərviz Altaya təqdim olunub və bu mükafatların sahiblərinə çatdırılması xahiş edilib.

Qeyd edək ki, bu günlərdə artıq hər üç gəncin mükafatları təqdim olunub. Bu barədə İZAZDER-dən məlumat verilib.
Məlumata görə, Ege Universitetində bununla bağlı xüsusi təqdimat görüşü keçirilib. Mükafatlar İZAZDER İdarə Heyətinin sədri Pərviz Altay və Qadınlar Komitəsinin sədri Tərlan Akçay tərəfindən Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutuna edilən ziyarət zamanı təqdim olunub. Təqdimatda İnstitutun direktoru Prof.Dr. Abdullah Temizkan və Sosial, İqtisadi və Siyasi Əlaqələr şöbəsinin müdiri Prof.Dr. Vəfa Qurban da iştirak ediblər. Xatırladaq ki, Prof.Dr. Abdullah Temizkan layihə çərçivəsində Manisada keçirilən “Bizim ailəmiz türk dünyasıdır” mövzulu dəyirmi Masada məruzə ilə çıxış edib.

İZAZDER-in məlumatında deyilir ki, təqdimatda çıxış edən gənclər mənalı müsabiqəyə və onların yazılarına verilən dəyərə görə CASCFEN rəhbərliyinə minnətdarlıq edib, həmçinin, müsabiqədə iştirak və mükafatların təqidmatı istiqamətində dəstəklərini əsirgəməyən İZAZDER təşkilatına dərin təşəkkürlərini bildiriblər”.
“Bu uğur bir daha göstərdi ki, türk dünyasının ortaq dəyərləri ətrafında birləşən gənclər həm bu günün, həm də gələcəyin ümididir” deyə sonda qeyd edilib.
Kaynak: www.bayraqdar.info