İzmirdə Ege Universitetinin Ədəbiyyat fakültəsi, Türk Dünyası Araşdırmalar İnstitutu və İzmir Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə “Bütün aspektləri ilə Xocalı və Azərbaycan–Ermənistan münasibətləri” mövzusunda panel iclası keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Ardınca Xocalı soyqırımı haqqında film nümayiş olunub.
Açılış nitqində İzmir Azərbaycanlılar Dərnəyinin sədri Pərviz Altay Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xocalıda törədilən vəhşiliklərin beynəlxalq hüquqa əsasən soyqırımı və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib. O, bu cinayətləri törədən şəxslərin ədalət mühakiməsi qarşısında cavab verməli olduqlarını bildirib.
Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri, professor Abdullah Temizkan Xocalı soyqırımını təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının qanayan yarası kimi dəyərləndirib. Bu faciənin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması üçün davamlı işlərin aparılmasının vacib olduğunu söyləyib. Panelin Xocalı həqiqətlərinin elmi və ictimai müstəvidə daha geniş yayılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl isə çıxışında Azərbaycan Respublikasının Vətən müharibəsində qalib ölkə olmasına baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin humanizm göstərərək müharibə tarixində bənzərsiz addım atdığını və düşmən tərəfinə sülh əli uzatdığını xatırladıb. O, tarixi ədalətin bərpasının və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının sülh prosesinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.
Çıxışlardan sonra tədbir panel müzakirələri ilə davam edib. Ege Universitetinin professoru Vəfa Qurbanın moderatoru olduğu paneldə Manisa Celal Bayar Universitetinin professorları Umut Kedikli və Zafer Atar iştirak ediblər.
Panel müzakirələrində Xocalı soyqırımının tarixi, hüquqi və siyasi aspektləri, eləcə də Azərbaycan–Ermənistan münasibətlərinin keçmişi və mövcud vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Panel iştirakçıları akademik mühitdə bu mövzuda elmi araşdırmaların, konfrans və müzakirələrin artırılmasının vacibliyinə diqqət çəkiblər. Eyni zamanda Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar, Cənubi Qafqazda davamlı sülhün təmini məqsədilə Azərbaycanın təşəbbüsləri və atılan addımlar xüsusi qeyd olunub.
Kaynak: diaspor.gov.az